- Martın 21-də Yerin xəyali oxu Günəş ətrafında hərəkət orbitinə paralel istiqamətdə durur. Günəş şüaları ekvator üzərində zenitdə olur. Yəni həmin gün Günəş ekvator üzərində yerləşən nöqtələrin şərqindən çıxıb qərbində batır, günorta günəş şüaları bu nöqtələrə düz bucaq (90°) altında düşür. Bu günə yaz gecə-gündüz bərabərliyi günü deyilir. Hər iki yarımkürə bərabər işıqlandığından gecə gündüzə bərabər olur. Martın 21-dən sonra şimal yarımkürəsinin Günəşə tərəf meylliliyi artır və günəş şüalarının zenitdə olması da şimal enliklərinə doğru hərəkət edir (şəkil 11). İyunun 22-də şimal yarımkürəsi Günəşə tərəf daha çox meylli olur və Günəş şüaları 23,5° şm.e.-də (şimal tropik xəttində) zenitdə olur. Həmin gün 66,5° şm.e.-də (şimal qütb dairəsində) Günəş batmır, burada qütb gündüzü müşahidə olunur, 66,5° c.e.-də (cənub qütb dairəsi üzərində) isə Günəş çıxmır, qütb gecəsi olur. 22 iyundan sonra Günəşin zenitdə olması vəziyyəti yenidən ekvatora doğru qayıtdığından bu günə yay gündönümü deyilir. Bu dövrdə şimal yarımkürəsi daha çox işıqlandığından burada ən uzun gündüzlər və ən qısa gecələr müşahidə olunur. Cənub yarımkürəsində isə əksinə olur. Şimal yarımkürəsində yay olanda, cənubda qış fəsli olur. Sentyabrın 23-ü payız gecə-gündüz bərabərliyi günü adlanır. Günəş həmin gün yenidən ekvator üzərində zenitdə olur. Hər iki yarımkürə bərabər işıqlanır. Bundan sonra Günəşin zenitdə olması ekvatordan cənub enliklərinə doğru keçir.
|
Комментариев нет:
Отправить комментарий